Azərbaycan Avropaya AŞPA-dan daha çox lazımdır ŞƏRH



Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin sədası hələ də beynəlxalq aləmdən eşidilməkdədir. Dünyanın əksər ölkələrindən, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan bu seçkilərdə möhtəşəm qələbə qazanmış Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. Təbriklər də təsdiqləyir ki, artıq dünya birliyi bu seçkilərin Azərbaycanın bütün ərazilərində keçirildiyini qəbul edir. Halbuki, seçki ərəfəsində Fransa kimi ermənipərəst və buna bənzər bəzi qərəzli beynəlxalq təşkilatlar min bir hiylə məkrlə su bulandırmağa cəhd edir, Azərbaycanın Ermənistan üzərində qazandığı parlaq Qələbəyə kölgə salmağa çalışırdılar. Bu məkrli niyyətdə olanlar hələ də ara qarışdırmaqda canfəşanlıq edirlər. Təəssüf doğuran amillərdən biri də özünü beynəlxalq aləmdə insan hüquq və azadlıqlarının müdafiəçisi qismində tanıtmaq istəyən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da oyuncaq, kimlərinsə sifarişini yerinə yetirən qurum olduğunu təsdiqlədi. AŞPA riyakar təşkilat olduğunu qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi ilə göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, AŞPA-nın müxtəlif ölkələrdən yığılmış deputatları unudurlar ki, bu gün Azərbaycan Avropaya AŞPA-dan daha çox lazımdır. Erməni lobbisinin “səxavəti” nəticəsində qurumun sessiyasında Azərbaycanın əleyhinə danışan, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqləməməsi təklifini irəli sürən almaniyalı deputat Frank Şvaben kimiləri Avropanın Azərbaycana böyük ehtiyacı olduğunun marağında deyillər. Onlar yalnız aldıqları sifarişləri yerinə yetirməklə işlərini bitmiş hesab edirlər. Belə üzdəniraq “diplomatlar” sanki unudurlar ki, riyakarlıqları ilə Azərbaycanı nüfuzdan sala bilməyəcəklər. 2001-ci ildən bəri Avropa Şurasının üzvü olan Azərbaycan bu illər ərzində gördüyü işlər və əməkdaşlıqla bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verib. Bununla yanaşı, mədəni müxtəlifliyin qorunub saxlanılması və mədəniyyətlərarası dialoqun təşviqi kimi ən önəmli missiyaların gerçəkləşdirilməsində də aparıcı rol oynayıb. Əgər AŞPA bunu görmürsə, bu siyasi korluqdur. Bu təşkilat Azərbaycanı itirməklə, ilk növbədə, özünü itirəcək.
Ə.Bədəlov AŞPA-nın riyakarlığını təsdiqləyən fakt da səsləndirib: “Həmin bu qurum 2005-ci il yanvarın 25-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnamə qəbul edib. Həmin qətnamədə bildirilir ki, 1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi. Daha sonra qeyd edilib ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir. Bəs indi nə baş verdi ki, AŞPA Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin Ermənistana məxsus olduğunu iddia edir? Halbuki, Ermənistan həmin əraziləri rəsmən tanınması barədə heç vaxt qərar qəbul etməyib”.
Siyasi şərhçi deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropa qitəsinin enerji təminatında rolu getdikcə artır. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Azərbaycan da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna malik ölkələrdəndir. Uzun illər Azərbaycan beynəlxalq bazarda, ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Bu gün Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin sayı yaxın dövrdə 10-a çatacaq.
Ə.Bədəlov Azərbaycanın Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkələrdən olduğunu deyib. Bununla yanaşı, respublikamızın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Bu, eyni zamanda, dövlətimizin qüdrətinin artması, dünya birliyində yerinin möhkəmləndirilməsi və vətəndaşların güzəranının daha da yaxşılaşmasından xəbər verir. Siyasi şərhçi iki il əvvəl Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bəzi ölkə başçılarının Prezident İlham Əliyev haqqında söylədikləri fikirləri də xatırladıb. Serbiya Prezidenti Aleksandar Vuçiç: “İndi Siz Avropada çox məşhurlaşmısınız”. Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentidir”. Belə faktların sayını daha da artırmaq olar. Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan Avropa üçün çox zəruri ölkədir. AŞPA-nın kimlərinsə sifarişi ilə ölkəmizə qarşı su bulandırmaq cəhdi Avropanın Azərbaycana qarşı mövqeyini dəyişə bilməz. Növbədənkənar prezident seçkilərində möhtəşəm qələbə qazanmış Prezident İlham Əliyevə ünvanlanmış təbriklər sırasında ATƏT-in Baş katibi Helqa Maria Şmidin, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun olması, təbriklərdə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləmələrini ifadə etmələri, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevi yenidən görmək və təbriklərini şəxsən çatdırmaq fürsətinə malik olacaqlarına ümid etmələri Azərbaycanın, onun liderinin Avropada yüksək nüfuza malik olmasından xəbər verir.
AŞPA-nın qış sessiyasında ölkəmizə qarşı qərəzli qərarı artıq beynəlxalq aləmdə də etirazla qarşılanıb. Türkiyə Böyük Millət Məclisi, Ərəb Parlamenti, Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti və digərləri AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə ciddi etirazlarını bildirib və bunun dialoq və əməkdaşlıq prinsiplərinə zidd olduğunu diqqətə çatdırıblar. TBMM nin AŞPA-dakı nümayəndəsi Zeynep Yıldız qurumun qış sessiyasında açıq şəkildə bəyan edib ki, AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var.
Siyasi şərhçi Azərbaycana qarşı təhdid və təzyiqlərin səbəbini ölkəmizin sürətli tərəqqisi, qələbələrdən-qələbələrə irəliləməsi və ərazi bütövlüyünü öz qüvvəsi ilə bərpa etməsində görüb. Deyib ki, Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib olduqdan sonra fevralın 14- də keçirilən andiçmə mərasimində ölkəmizə qarşı qərəzli olan, ədalətsiz mövqe nümayiş etdirən, daxili işlərimizə qarışanlara, Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə layiqli cavab verdi.
Bizi izləyin