Azərbaycan mədəniyyətinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu



Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik.
Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz
Heydər Əliyev

Dünyada bütün xalqların özünəməxsus mədəniyyəti var. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin kökü çox-çox qədim zamanlara gedib çıxır. Xalqımızın mədəniyyəti – onun ilk növbədə mənəvi sərvətləri muzeylərdə qorunub saxlanmış və inkişaf etdirilmişdir. Hər bir xalqın mədəniyyət incilərini yaşatması üçün məkan və zaman daxilində sosial-mədəni tərəqqi, eləcə də buna əlverişli şərait yaradan rəhbəri olmalıdır. Azərbaycanda muzey işi sahəsində XX əsrin əvvəllərindən başlanan inkişaf 50-ci illərdən sonra sovet totalitar rejiminin, kommunizm siyasətinin təbliğatına və bununla bağlı olan muzey əşyalarının toplanılması, öyrənilməsi və mühafizəsi işinə istiqamətlənmişdi. Bu siyasət dilimizi, dinimizi, tariximizi, mədəniyyət və mənəviyyatımızı məhv etmək məqsədi daşıyırdı. Belə ağır bir zamanda, 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər təyin edildi. Ümummilli lider elə ilk günlərdən mədəniyyət sahəsinə xüsusi diqqət yetirməyə, bu sahədə yaranmış problem və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməyə başladı. Dövlət başçısının müdrik siyasəti nəticəsində mədəniyyətimiz, tariximiz məhv olmaqdan xilas edildi.
XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Ümummilli liderin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. H.Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Respublikada kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər.
Ulu öndər H.Əliyev muzeylərə, muzey işinə böyük önəm verərək deyirdi: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər mütləq lazımdır”. O, ilk növbədə tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpasına ayrılan büdcə xərclərinin ildən-ilə artırılmasına nail oldu. 1971-ci ilin mart ayında respublikada 37 muzey var idi, 1982-ci ildə, Heydər Əliyev SSRİ Nazirlər Kabinetində məsul vəzifəyə təyin edildiyi vaxta qədər muzeylərin sayı 111-ə çatmışdı. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdı. Hazırda ölkəmizdə müxtəlif təyinatlı 220-ə yaxın muzey mövcuddur ki, onlardan 4-ü Bakı-Abşeron ərazisində fəaliyyət göstərən qoruqlardır.

Azərbaycanın görkəmli şəxsiyyətlərindən Cəfər Cabbarlı 1934-cü ildə vəfat etsə də, 1980-ci ilə qədər onun Bakıda nə abidəsi, nə də ev-muzeyi var idi. Xalqımızın tanınmış mədəniyyət xadimlərindən - Üzeyir Hacıbəyli, Bülbül, Səməd Vurğunun ev-muzeyləri yetmişinci illərdə açılmışdır. Molla Pənah Vaqifin Şuşa şəhərindəki əzəmətli məqbərəsi də 1981-ci ildə tikilib başa çatdırılmışdır. Bakıda Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin, Müslüm Maqomayevin ev-muzeylərinin açılması barədə qərarlar da 1981-82-ci illərdə qəbul edilmişdir.
Ulu öndərin şəxsiyyətinə və yaradıcılığına böyük diqqətlə yanaşdığı klassik Azərbaycan yazıçılarından biri də mollanəsrəddinçilərin ideya rəhbəri Cəlil Məmmədquluzadədir. Hələ 1981-ci ildə respublika rəhbərinin təşəbbüsü ilə Bakıda böyük sənətkarın ev-muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. 1994-cü ildə həmin ev-muzeyini açmaq şərəfi də müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevə nəsib olmuşdur. Muzeyin açılışında Böyük rəhbər Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına, ümumiyyətlə, klassik Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri olmuş mollanəsrəddinçilərin fəlsəfi irsinə dair dəyərli mülahizələr söyləmişdir.
Ölkəmizdə əvvəlcə görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, daha sonra isə tarix-diyarşünaslıq muzeyləri təşkil edilmişdir. 1970-1980-ci illərdə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında yeni səhifələr açıldı, o cümlədən mədəniyyət müəssisələrinin şəbəkəsi genişlənməyə başlandı. Respublikanın şəhər və kəndlərində 1000-dən çox mədəniyyət evi və klub müəssisəsi, 100-dən çox kinoteatr istifadəyə verilmiş, klub müəssisələrinin sayı 3680-ə, kütləvi kitabxanaların sayı 4600-ə çatmışdı. 1990-cı ildə respublikada artıq 124 muzey fəaliyyət göstərirdi.
Ulu öndərin muzeylərə olan qayğısını qədim Bakının - Azərbaycanda şəhərsalma mədəniyyətinin mükəmməl nümunəsi İçərişəhərin və xalqımızın qürur mənbəyi, dövlətçilik rəmzimiz, XV əsr memarlığının şah əsəri olan Şirvanşahlar Saray Kompleksinin timsalında əyani şəkildə görmək olar.
Heydər Əliyev Bakını memarlıq tariximizin daş ensiklopediyası adlandırırdı. Bu tarixi məkanın əbədi yaşadılması, var olması üçün yoxlama və baxışlar keçirilmiş, İçərişəhərin inkişafı ilə əlaqədar bir sıra sərəncamlar verilmiş, normativ hüquqi aktlar qəbul edilmişdi. "Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli və "Bakı şəhərində "İçərişəhər”in, Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında” 10 avqust 1977-ci il tarixli qərarları qəbul edilir. Bundan sonra görülmüş tədbirlər nəticəsində bütün respublikada muzey işində dönüş yaranır. Lakin 1988-ci ildən ölkəmizdə siyasi sferada baş verən qarmaqarışıqlıq və müharibə vəziyyəti nəticəsində tarixi-memarlıq abidələrimiz tamamilə unudulmağa başlayır. İl ərzində milyondan artıq turist qəbul edərək dolub-daşan İçərişəhər sükuta bürünür, turistlərin sayı olduqca azalır.
Dövlətçiliyimizin ağır bir zamanında, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev respublikaya ikinci dəfə rəhbər seçilir. Elə həmin il Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilir. 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilir. Bu dövrdə - 1993-2003-cü illərdə H.Əliyev tərəfindən İçərişəhərin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədilə UNESCO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. 1993-cü ilin dekabr ayında Heydər Əliyev Fransada UNESCO-nun baş direktoru Federiko Mayorla olan görüşündə qarşılıqlı əməkdaşlığın genişlənməsi məsələsini müzakirə edir. Bu görüşdən sonra H.Əliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında 21 fevral 1994-cü il tarixli sərəncam imzalayır. Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Milli Komissiya Ümumdünya mədəni irsə aid mümkün obyektlərin ilkin siyahısına daxil edilmək üçün ilk tarixi obyektin namizədliyini hazırlamalı idi. Qısa müddət ərzində Azərbaycan UNESCO-nun daha bir neçə konvensiyasına qoşulur. 1996-cı il noyabrın 8-də UNESCO-nun baş direktoru Federiko Mayor və Prezident Heydər Əliyev arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanır(2). Memorandumun mədəniyyətə aid bölməsinin 4-cü bəndinə əsasən "... muzeylər, qalereyalar və başqa mədəniyyət təşkilatları üçün müasir səviyyəli işçilərin hazırlanması, onlara kolleksiyaları saxlamaq və bərpa etmək üzrə müasir texnikanın, onların inventarlaşdırılmasının, idarə və təşkil olunmasının kompüter metodlarının öyrədilməsi...” üçün hərtərəfli yardımların göstərilməsi nəzərdə tutulmuşdu. Bu memorandumun qəbulundan sonra muzeylərdə mütəmadi olaraq maddi-mədəniyyət nümunələrinin - qiymətli muzey əşyalarının qeydiyyata alınması, saxlanılma qaydası, mühafizəsinin təşkili və bərpası, turistlərlə iş, muzey marketinqi məsələləri ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş normaları təlim edən seminar, "dəyirmi masa” və treninqlər keçirilməyə başlandı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mədəniyyət sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi.
Bundan əlavə, mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi. 1997-ci ildə "Mədəniyyət haqqında”, 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Kinematoqrafiya haqqında”(1998), "Memarlıq fəaliyyəti haqqında”(1998), "Kitabxana işi haqqında”(1998), "Muzeylər haqqında” və "Nəşriyyat işi haqqında”(2000) qanunlar bu sahənin kompleks inkişafı üçün mühüm baza rolunu oynadı. Mədəniyyət sahəsinin inkişafını gücləndirən dövlət proqramları qəbul edildi. Bu dövrdə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də bir sıra addımlar atıldı. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinin (1996), "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin (2000) UNESCO-da qeyd olunması həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi idi.
2000-ci ildə İçərişəhər “Qız qalası” və Şirvanşahlar saray kompleksi UNESCO-nun Dünya irs siyahısına daxil edildi. Ümummilli lider tərəfindən Milli Kino, Üzeyir Musiqi, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanların imzalanması milli mədəni irsə sonsuz məhəbbətdən xəbər verirdi. Müstəqilliyini yenicə bərpa edən ölkəmiz üçün mədəniyyət və ədəbiyyatın dünyaya inteqrasiyası vacib məsələ idi. Çünki 70 il müddətində Azərbaycan mədəniyyəti öz adı ilə çağırılmamış, xalqımız tarixi-mədəni mirasının həqiqi sahibi kimi dünyaya çıxışdan məhrum olmuşdu. Buna görə də respublikanın beynəlxalq aləmə açılması sistemli və sürətlə getməli idi.
2000-ci il martın 24-də "Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Nəhayət, 2003-cü il 17 fevralda ölkə rəhbəri Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam verir. Bu sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq 16 may 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılır. Yarandığı gündən idarənin əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin qorunması, təmir və bərpası, elmi tədqiqi və təbliği istiqamətində fəaliyyətinin təşkili və təmin edilməsi olmuşdur.
XX əsrin 90-cı illərində İçərişəhərdə bərpaya daha çox ehtiyacı olan tarixi abidə Şirvanşahlar sarayının yaşayış binası idi. Saray binası hələ 1983-cü ilin mart ayından təmirə bağlanmışdı. Tavanı götürülən, lakin bərpa layihəsi olmadan başlanmış işlər maliyyə çatışmazlığı səbəbindən dayandırılmışdı. Açıq havada qalan saray binasının taleyi təhlükə qarşısında idi. Dövlət müstəqilliyimizin ilk illəri idi və bərpaya ayrılan büdcə işlərin davam etdirilməsinə imkan vermirdi. Ulu öndər ölkənin müharibə şəraitində olduğuna baxmayaraq "çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik” deyirdi.
Heydər Əliyev deyirdi: "Şirvanşahlar sarayı Azərbaycan xalqının iftixar etdiyi tarixi-memarlıq abidəsidir. Bu, həm bizim memarlığımızın, ən yüksək səviyyədə olduğunu göstərir, həm də dövlətçiliyimizin tarixini əks etdirən abidədir, kompleksdir və şübhəsiz ki, dünyada da məşhurdur”.
2002-ci ilin oktyabrın ¬24-də Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdur. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişlər. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır.
H.Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan mədəniyyəti bütün dünya miqyasında tanınmışdır.
Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Bakıda ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində olduqca əhəmiyyətli tədbirlərdir. Bütün bunlar ulu öndərin mədəniyyət siyasəti konsepsiyasının tərkib hissəsidir. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Bütün bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.
Heydər Əliyevin həyat və fəaliyyəti, xidmətləri haqqında çox deyilib, yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, onu yaxından tanıyan məşhur elm və sənət adamları H.Əliyev fenomenini ən müxtəlif rakuslardan səciyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləri barədə mülahizə və fikirlərini bildirmişlər. Heydər Əliyev ixtisasca tarixçi olduğundan, şübhəsiz tarix elmini və onun problemlərini digər elmlərdən daha yaxşı və daha dərindən bilirdi. Ulu öndərin tərcümeyi-halından bəlli olduğu kimi, onun əmək fəaliyyətinə başladığı ilk iş yeri Milli Azərbaycan Tarixi Muzeyi olub. O, 1940-cı ildə Tarix Muzeyində təşkil olunmuş “Sovet Azərbaycanının 20 illiyi” sərgisində bələdçi vəzifəsində çalışıb. Daha sonra ali məktəbə daxil olub.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr Fondunda H.Əliyevin 17 yaşında ikən Tarix Muzeyinin direktoru Zeynal Əliyevin adına ekskursovod vəzifəsinə qəbul olunmaq xahişilə yazılmış ərizəsi, avtobioqrafiya və şəxsi vərəqə qorunub mühafizə olunur.
Rus dilində səliqəli xətlə yazılmış bu sənədlər onu yazan gəncin, əyalətdən gəlməsinə baxmayaraq, savad və qabiliyyətini əyani nümayiş etdirirdi.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış muzey binası qalmamışdır.
Ulu öndər Heydər Əliyevin adı Azərbaycanda milli tərəqqinin, oyanışın, nəhayət, müstəqil respublikanın qurucusu kimi tarixə əbədi həkk edilmişdir.

Aynur Babayeva
Bizi izləyin