
Bolqarıstan-Serbiya interkonnektorunun işə salınması ilə Serbiyaya qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı artacaq.
Bu barədə Energetika Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşdır:
"Bununla Azərbaycanın Avropada etibarlı enerji tərəfdaşı missiyası daha da genişlənəcək və gələcəkdə qitədə enerji təhlükəsizliyindəki rolu artacaq.
Müvafiq layihənin işə salınması ilə Serbiyanın yeni qaz bazarlarına çıxışı təmin olunacaq. Beləliklə, daha yeni bir ölkənin Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə qaz idxal etmək imkanı yaranacaq. Bundan başqa, gələcəkdə sözügedən interkonnektorun köməyi ilə Mərkəzi və Şərqi Avropa ölkələrinə qaz axınlarını həyata keçirmək mümkün olacaq və bu da CQD-nin ilkin nəzərdə tutulan marşrutlarından kənarda coğrafi genişlənməsinə töhfə verəcək.
Ötən ilin 25 aprel tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bununla gələcəkdə inşa ediləcək interkonnektorlar sayəsində Azərbaycan təbii qazının digər ölkələrə çatdırılması üçün böyük perspektivlər yaranacaq".
Qeyd edək ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin, Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək.
Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək.
Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir.
Borunun diametri 700 mm və maksimum təzyiqi 55 bar olan onun gücü ildə Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək.
Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq ki, bu da Serbiyanın bu üç şəhəri və bölgəsinə - onların vətəndaşlarına, məktəblərə, xəstəxanalara, müəssisələrə istilik və sənaye istehsalı üçün qaz təchizatı əldə etməyə imkan verəcək. Tikinti işlərinə 2022-ci ilin yanvarında başlanılıb.