Fransa şirkəti terrorçu qruplara milyonlarla avro köçürüb



Fransanın "Lafarge" sement şirkəti Suriyada insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunur.
 Kasasiya Məhkəməsi fransız sement şirkətinin Suriyada insanlığa qarşı cinayətlərdə şərikliyi ittihamını qəti şəkildə təsdiqləyib.
Ancaq Fransa qanunları suriyalı işçilərə tətbiq edilmədiyinə görə, məhkəmə başqalarının həyatını təhlükəyə atmaqla bağlı icraatını ləğv edib.
"Lafarge" qrupu müharibə şəraitində olan Suriyanın Cəlabiyyə şəhərində sement fabrikinin fəaliyyətini davam etmək məqsədilə törəmə şirkəti vasitəsilə 2013-2014-cü illərdə terrorçu qruplara bir neçə milyon avro ödəməkdə şübhəli bilinir. Məhkəmənin apardığı təhqiqatlar nəticəsində sement şirkətinin yalnız İŞİD terror qruplaşmasına 4,8 milyon ilə 10 milyon avro arasında vəsait köçürdüyünü müəyyənləşdirib.
2018-ci ildə "Lafarge" şirkətinə qarşı hüquqi şəxs qismində “insanlığa qarşı cinayətlərdə şəriklik”, “başqalarının həyatını təhlükəyə atmaq”, “terrorizmi maliyyələşdirmək” və “neft embarqosunu pozmaq” kimi ittihamlar irəli sürülüb.
Amerikada da böyük qalmaqala səbəb olmuş bu hadisədən sonra 2022-ci ilin payızında "Lafarge" günahını etiraf edib və 2013-2014-cü illər arasında Suriyanın şimalında İŞİD-ə və Nusra Cəbhəsinə maddi və maliyyə dəstəyi verdiyinə görə ABŞ-a 778 milyon dollar cərimə ödəməyə razı olub.
Bundan bir il sonra, 2023-cü ilin dekabrında yezidi icmasının üzvü olan Amerika vətəndaşları da "Lafarge" qarşı şikayət ərizəsi ilə müraciət ediblər. Onlar hesab edirlər ki, fransız sement istehsalçısı İŞİD qruplaşmasının “beynəlxalq terror aktlarına kömək edib”.
Bizi izləyin