Nazarbayevdən gözlənilməz etiraf: “Dini kəbinlə ikinci həyat yoldaşım və ondan iki oğlum var”



Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ilk dəfə öz memuarında ikinci arvadı və həmin qadından iki oğlu olduğunu etiraf edib.
“Mənim həyatım” xatirələr kitabında o, iki oğlu - Tauman (2005-ci ildə) və Baykeni (2008-ci ildə) dünyaya gətirən Asel İsabayeva ilə münasibətindən danışıb.
Siyasətçi bildirib ki, İsabayevanı ilk dəfə Qazaxıstanın cənub-şərqindəki Taldıkorqan şəhərinə səfəri zamanı görüb. Qız dövlət başçısını təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb.
“Belə bir mərasimdə iştirak etmək üçün yerli ən gözəl qızlar seçilir”, - deyə eks-prezident bildirib.
Nazarbayev qeyd edib ki, bundan sonra İsabayevanın obrazı onun yaddaşından getməyib. Bir gün o, qızın “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazandığını görüb və onu axtarıb tapıb.
“Aselin həm xarici görünüşündə, həm də düşüncəsində axtardığım bir çox keyfiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən mənəvi tənhalıqdan qurtuldum”, - deyə siyasətçi vurğulayıb.
Daha sonra onlar müsəlman adəti ilə evləniblər.
Nazarbayev arvadı Saraya (1962-ci ildən evlidir), həmçinin qızları Dariqa (1963-cü il təvəllüdlü), Dinara (1967-ci il təvəllüdlü) və Aliyəyə (1980-ci il təvəllüdlü) hər şeyi danışıb.
Bizi izləyin