
Fransa prezidenti Emmanuel Makronun təyin etdiyi yeni baş nazir Qabriel Attal haqqında maraqlı faktlar məlum olub:
Qabriel Attal 16 mart 1989-cu il tarixində Klamarda anadan olub. 34 yaşlı Attal Fransa tarixində ən gənc baş nazir olub.
2006-cı ildə Sosialist Partiyasına daxil olub, sonra 2016-cı ildə onu "İrəli Respublika" (indiki "İntibah") partiyasına dəyişib.
Attal 2007-ci ildə Sosialist Partiyasına üzv olarkən prezident seçkilərində Seqolen Ruayalın namizədliyini dəstəkləyib. "İrəli Respublika" partiyasının üzvü olduqdan sonra 2017-ci ildə prezident seçkilərində Emmanuel Makronun namizədliyini dəstəkləyib.
Qabriel Attal yaşının gənc olmasına baxmayaraq, Fransa hökumətində müxtəlif vəzifələrdə böyük iş təcrübəsinə malikdir. Belə ki, o, 16 oktyabr 2018-ci ildən 6 iyul 2020-ci ilədək milli maarifçilik və gənclər nazirinin yanında dövlət katibi vəzifəsində çalışıb. 6 iyul 2020-ci il tarixində Attal baş nazirin yanında dövlət katibi, daha sonra Fransa hökumətinin rəsmi nümayəndəsi təyin edilib.
Attal 20 may 2022-ci ildən 20 iyul 2023-cü ilədək Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik nazirinin ictimai hesablar üzrə nümayəndə naziri olaraq çalışıb, daha sonra milli maarifçilik və gənclər naziri təyin olunub və son təyinatınadək bu vəzifədə çalışıb.
Yeri gəlmişkən, Qabriel Attalın həyat yoldaşı, eyni zamanda, hazırkı Fransa prezidentinin partiyasına rəhbərlik edən fransalı siyasətçi və Avropa Parlamentinin üzvü Stefan Sejurnedir.
Görəsən, Makronun öz partiyasının rəhbərinin həyat yoldaşını baş nazir təyin etməsi təsadüfdürmü? Çətin ki.. Lakin biz indi bu haqda danışmırıq.
Stefan Sejurne qızğın erməni tərəfdarlarından biri olmaqla Ermənistanın maraqlarını həm Fransada, həm də Avropa Parlamentində lobbiləşdirir. Misal üçün, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bir neçə qətnamənin təşəbbüskarı məhz odur.
Yeni baş nazirin həyat yoldaşı ermənilərin "müdafiəsi" ilə bağlı fəaliyyəti ilə qürur duyur və tez-tez sosial şəbəkələrdə bu barədə paylaşımlar edir.
Belə ki, Sejurne bu yaxında Avropanı erməniləri dəstəkləməyə çağırıb: "Biz erməni xalqını dəstəkləyirik. Fransa təkbaşına hərəkət edə bilməz. Avropa öz rolunu oynamalıdır".
Fransanın yeni baş nazirinin həyat yoldaşı tərəfindən ermənilərin maraqlarının lobbiləşdirilməsi şübhəsiz, baş nazirin də mövqeyində əks olunacaq.
Yəni, əgər kimsə Fransa hökumətinin başçısının dəyişməsi ilə ölkənin hazırda Azərbaycana qarşı olan qərəzli mövqeyinin də dəyişəcəyinə ümid edirdisə, bilsin ki, bu belə deyil.
Bu halda "ümid" sonda deyil, başda ölür.