
Əvvəllər də dələduzluq əməli ilə gündəmə gəlmiş Rusiyada yaşayan azərbaycanlı biznesmen Tofiq Əliyevin adı daha bir dələduzluqda hallanır.
Bu iddia ilə “Qafqazinfo”ya iş adamı İlqar Ramazanov müraciət edib. O bildirir ki, Tofiq Əliyev saxta sənədlər vasitəsilə onun 167 min manatını mənimsəyib: “Tofiq Qaradağdakı Şahqaya daş karxanasında yerlər göstərib dedi ki, buralar mənimdir. Bizə bununla bağlı sənədlər də təqdim etdi. Biz də inanıb iş görmək qərarına gəldik, 5 illik müqavilə imzaladıq. Müqavilənin şərtlərinə görə, 6 hektar ərazi mənim istismarımda olacaqdı. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır, yer də başqasına aiddir. Ümumiyyətlə, Tofiq Əliyevin sözügedən daş karxanasında yeri belə yox imiş. Biz bu həqiqəti öyrənənə qədər artıq Tofiq məndən 167 min manat almışdı”.
Şikayətçi Tofiq Əliyevin dələduzluq əməllərini törədərkən, hətta tanınmış iş adamı İlham Rəhimov və digərlərinin də adından istifadə etdiyini bildirib:
“Mənə qarşı dələduzluğu 2020-ci ilin əvvələrində edib. Bizi Atatürk prospektində İlham Rəhimovun ofisinə aparıb dedi ki, onun mənə 3 milyon borcu var. Guya ki, onun “Food City” topdansatış bazasında 12 faiz şərikliyi var imiş. Sonra da dedi ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin də ona borcu var. Bizi beləcə yubadıb gözlətdi. Sonra da telefonlarıma cavab vermədi”.
Fotoda: Tofiq Əliyev
İlqar Ramazanov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etsə də, hələ nəticə olmadığını deyir: “Mənim şikayətim düzgün araşdırılmır. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğuna şikayət etdim. Oradan da şikayətimi Binəqədi Rayon Prokurorluğuna, ardınca isə Rayon Polis İdarəsinə göndərdilər. Qərar verildi ki, məsələ cinayət xarakteri daşımır. Beləliklə, cinayət işinin açılması ilə bağlı rədd qərarı verildi. Mən də qərarı Binəqədi Rayon Məhkəməsinə təqdim etdim. Məhkəmə təqdim etdiyim dəlillər əsasında bildirdi ki, burada cinayət tərkibi var, şahidlər dindirilməli, sənədlər araşdırılmalıdır. İş yenidən rayon prokurorluğuna, oradan da polisə göndərildi. Amma heç bir nəticəsi olmadı. Müstəntiq də heç bir addım atmadı, eyni qərarın tarixini dəyişib mənə təqdim etdi. Hazırda vəziyyət belədir ki, iş şəhər prokurorluğuna göndərilib, oradan da Bakı Şəhər Baş Polis İdarəsinə yönləndirilib.
Tofiqlə bağlı dəqiq bilirəm ki, bu insanın Moskvada barəsində ev dustaqlığı qərarı verilib. Buna görə onun Azərbaycana necə gəlməsi sual altındadır. İndi məhkəmədən yayınmaq üçün xəstəxanada yatır, guya qəzaya düşüb, sənədlər toplayır ki, geri qayıtmasın. Halbuki qəzaya düşən o yox, öz oğludur”.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin inspektoru, mayor Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, həmin şikayətlə bağlı araşdırma gedir: “Şikayət Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində aparılır. Şikayətin Bakı Şəhər Baş Polis İdarəsində araşdırılması məlumatı yalnışdır. Araşdırmanın düzgün aparılmadığı ilə bağlı şikayətçinin iddiaları əsassızdır. Zərərçəkən istənilən vaxt qeyd edilən istintaq şöbəsinə müraciət edib araşdırmanın gedişatı ilə bağlı məlumat ala bilər”.
Qeyd edək ki, Tofiq Əliyevin adı daha əvvəl də Moskvada topdansatış meyvə-tərəvəz ticarətinə nəzarət edənlərdən biri olmuş Məhərrəm Quliyevə (“Pokrovka Məhərrəm”) qarşı dələduzluqda çəkilmişdi. Onun iddiasına görə, Tofiq İsgəndər oğlu Əliyev Moskvada Federal Təhlükəsizlik Xidmətinin bəzi vəzifəli əməkdaşlarının “krışası” altında bizneslə məşğul olub. “Pokrovka Məhərrəm” Tofiq Əliyevin ona qarşı 405 min dollar dələduzluq etdiyini qeyd etmişdi:
“Bu adamın əsas fəaliyyəti Moskvada imkanlı azərbaycanlıları FTX-nin əli ilə ilişdirməkdən, onlara tələ qurmaqdan ibarətdir.Həbs olunmazdan bir neçə ay əvvəl Tofiq Əliyev məndən 405 min dollar almışdı ki, miqrasiya qanunlarını pozmaq iddiası ilə barəmdə çıxarılan hökmü ləğv etdirəcək və Rusiyadan deportasiya olunmağıma, bu ölkədə yaşamaq icazəsinin ləğvinə imkan verməyəcək. Əvəzində isə bir neçə ay sonra SOBR (polisin çevik reaksiya dəstəsi) evimə basqın edib məni həbs etdi, ardınca isə Rusiyadan deportasiya olundum. Və Tofiq Əliyev bu günə qədər həmin pulu qaytarmayıb”.
Emin Səfərov
Həmçinin oxuyun: “Bu adam imkanlı azərbaycanlıları FTX-nin əli ilə ilişdirir, onlara tələ qurur...” - “Pokrovka Məhərrəm”