
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc istedadların konserti keçirilib.
Dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Üzeyir Ağazadə (piano), Dövlətxan Mirzəyev (qarmon), Yusif Əsgərov (tar), Əliəkbər Muradlı (tar), Adəm Eminli (tar), Həsən Hüseynov (tar), Sənan Rafaeloğlu (ud), Orxan Sultanlı (tar) və Cabbar Paşazadə (tar) öz ifalarının musiqisevərlərə təqdim ediblər.
Proqramda Fikrət Əmirov – Elmira Nəzirova Piano və orkestr üçün ərəb mövzuları əsasında Konsert (I hissə), Adil Gəray “Baxçakürd”, Vasif Adıgözəlov “Qərənfil”, Səid Rüstəmov “Qaytağı”, Səid Rüstəmov “Oxu tar”, Süleyman Ələsgərov “Daimi hərəkət”, Hacı Xanməmmədov “Yaşa könül”, Fikrət Əmirov “Muğam poema” və Həsən Rzayevin “Çahargah rapsodiyası” səslənib.
Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru — Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.