Azərbaycanda nəqliyyat-logistika fəaliyyəti haqqında qanunun qəbulu bu sahədə tənzimləməni təkmilləşdirəcək - Kamran Həbibov



Azərbaycanın nəqliyyat sahəsindəki qanunlarının beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması və unifikasiyası Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TBNM) populyarlaşmasına səbəb olacaq.
Bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov deyib.
Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nəqliyyat-logistika fəaliyyəti haqqında qanun layihəsi təqdim olunub. Assosiasiya sədri bu il qanun layihəsinin Milli Məclisin gündəliyinə daxil ediləcəyinə və qəbul olunacağına ümid etdiyini bildirib.
"Bu qanunvericilik bazasının yaraması nəqliyyat ekspeditor şirkətlərinin fəaliyyətlərini yaxşılaşdırmasına, ölkənin isə yük axınlarını artırmasına imkan verəcək", - o deyib.
K.Həbibov Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə Türkiyə, Gürcüstan, Ukrayna, eləcə də Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə fəaliyyətini aktiv şəkildə koordinasiya etdiyini, habelə beynəlxalq strukturlarla əməkdaşlıq etdiyini bildirib.
"Hüquqi, gömrük və digər məsələlərin həlli ilə əlaqədar vəziyyət yaxşılaşır. Müasir standartlar üzrə nəqliyyat-logistika fəaliyyəti haqqında qanunun qəbul edilməsi bu cür qarşılıqlı fəaliyyətin effektivliyini artıracaq", - o deyib.
Assosiasiya sədri əlavə edibki, paralel olaraq, nəqliyyat-ekspeditor fəaliyyəti üçün xüsusi kodun müəyyən edilməsi məsələsi də həll olunmalıdır (bu məsələ İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir).
"İnanıram ki, nəqliyyat-logistika fəaliyyəti haqqında qanunun qəbul edilməsi və ona iqtisadi kodun təyin olunması nəqliyyat, ekspeditor və logistika şirkətlərinin fəaliyyətinin daha yaxşı tənzimlənməsi və nəzarət olunmasına kömək edəcək", - deyə o əlavə edib.

Bizi izləyin