Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayacaq - Pərviz Şahbazov
- 07.12.2023, 11:53,
- İqtisadiyyat
Yaxın zamanda Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayacaq.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.
Nazir bu sazişin ikitərəfli dialoq və əməkdaşlığın dərinləşməsi üçün təməl sənəd rolunu oynayacağını qeyd edib.
"25 dövlət müəssisəsinin 30-dan çox nümayəndəsi hazırkı və gələcək ikitərəfli əməkdaşlığımız üçün böyük maraq və əhəmiyyət kəsb edən bugünkü iclasda iştirak edir. Hökumətlərarası Komissiya daima vacib olan siyasi, iqtisadi və humanitar münasibətlərimizin irəliləyişində mühüm rol oynayır. Dialoq hazırkı əməkdaşlığı möhkəmləndirməklə yanaşı, ölkələrimizin maraqlarına əsaslanan yeni imkanlar açacaq.
Siyasi, iqtisadi, energetika və humanitar sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığımızın yeni imkanlarımız sayəsində ardıcıl və daimi şəkildə zənginləşməsi və möhkəmlənməsi xüsusən xoşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin artan inkişafı üçün əlverişli siyasi və hüquqi əsas yaradır, rəsmi səfər və görüşlər isə bu əməkdaşlığı daha da möhkəmləndirir", - o deyib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.
İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.
Facebook
Вконтакте
Одноклассники
Google+