
Dekabrın 19-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının birgə iclası bu dəfə də Ermənistansız keçirilir.
Ermənistan nümayəndə heyəti görüşdə iştirak etməyəcək.
Belə ki, bir qədər əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan bununla bağlı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Simonyan Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə rəsmi məktub göndərərək KTMT PA-nın dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib. Həmçinin, Ermənistan parlamentinin nümayəndə heyətinin də iclasda iştirak etməyəcəyi qeyd edilib.
Xatırladaq ki, bu Ermənistan tərəfinin KTMT iclaslarında iştirakdan imtina etdiyi birinci hal deyil. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan da noyabrın 23-də KTMT-nin iclasında iştirakdan imtina edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyiblər.