
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və Avropa İttifaqına üzv ölkələrin Ankaradakı səfirlərini qəbul edib.
Bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.
Görüşdə Hakan Fidan Türkiyə- Aİ münasibətlərindən danışaraq Aİ-nin öhdəliklərə riayət prinsipinə uyğun olaraq hərəkət etməli olduğunu bildirib.
"Gömrük İttifaqı sazişinin yenilənməsi və viza liberallaşdırılmasının təmin edilməsi bizim üçün prioritetdir. Aİ-nin münasibətləri yenidən canlandıra bilməsi üçün Türkiyənin üzvlük prosesində öhdəliklərə riayət prinsipinə uyğun olaraq hərəkət etməlidir. Aİ-nin verdiyi müsbət mesajlar bizim üçün önəmlidir, lakin bunları həyata keçirmək lazımdır. Türkiyə ilə Aİ arasında dialoq və əməkdaşlıq mexanizmləri işlək hala gətirilməlidir. Türkiyə vətəndaşlarının viza almasını gecikdirən maneələr aradan qaldırılmalıdır", - o deyib.
Görüşdə Qəzzadakı vəziyyətə toxunan türkiyəli nazir mülki əhalini hədəf alan silahlı hücumların dərhal dayandırılmalı, atəşkəs elan edilməli olduğunu bildirib.
Görüşdə, həmçinin, Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.