Azərbaycanla ticari və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üzrə müzakirələrə hazırıq - İran rəsmisi



İran Azərbaycanla ticari və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üzrə müzakirələrə hazırdır.
Bu barədə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının (ICCIMA) Beynəlxalq daşınmalar şöbəsinin direktoru Behnam Faramarzian deyib.
"İran Azərbaycanla iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, o cümlədən, liman və digər infrastruktur obyektlərindən istifadə, eləcə də, sərhədlərdə proseslərin asanlaşdırılması və digər aspektlərlə bağlı dialoq aparmağa hazırdır", - o deyib.
Onun sözlərinə görə, özəl sektorda iki ölkənin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var.
"Əminəm ki, birgə işləsək, dövlət sektoru özəl sektora fəaliyyətini yaxşılaşdırmaqda və qarşılıqlı faydalı əməkdaşlığın, eləcə də, investisiyaların inkişafında kömək göstərməyə hazır olacaq", - o deyib.
Qeyd edək ki, İranın Gömrük İdarəsinin statistikasına əsasən, cari İran ilinin 5 ayı ərzində (2023-cü il 21 mart - 22 avqust) İranla Azərbaycan arasında qeyri-neft sektoru üzrə əmtəə dövriyyəsi 323 min ton olmaqla dəyəri təxminən 207 milyon dollar olub. 5 ay ərzində İranla Azərbaycan arasında əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 33,5 faiz, kəmiyyət baxımından isə 1,9 faiz azalıb.
Bizi izləyin