
Azərbaycanın "Abşeron" qaz yatağında istehsalın başladılması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) biznes profilini yaxşılaşdıracaq.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarında deyilir.
"SOCAR və "TotalEnergies SE" "Abşeron" qaz-kondensat yatağında hasilata 2023-cü ilin iyul ayında başlayıblar. SOCAR 2023-cü ildə yataqda hasilatın 1,8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz olacağını gözləyir. "Abşeron" yatağının işə salınması Azərbaycanın neft-qaz sektorunda "Şahdəniz-2"dən sonra ən böyük layihədir. Fikrimizcə, "Abşeron" yatağının işə salınması SOCAR-ın biznes profilini yaxşılaşdıracaq", - deyə reytinq agentliyindən bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatlarına görə, bütünlükdə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində "Abşeron" yatağında 0,4 milyard kubmetr qaz hasil olunub.
"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı şəhərindən 100 km cənub-şərqdə yerləşir və "JOCAP" şirkəti tərəfindən istismar olunur.